CƏMİYYƏT


Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü münasibətilə “Müzəffər ordumuzun memarı!” adlı onlayn tədbir keçirilib

Bakı, 7 may, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn tədbir keçirib.

SHXÇDX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə qurulan müstəqil Azərbaycan Respublikasının hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək məharətlə gerçəkləşdirdiyi müdrik daxili və xarici siyasəti nəticəsində hərtərəfli inkişaf etdiyi modern dövlətə çevrilərək, parlaq tərəqqi və qüdrətli dövlətçilik dövrünü yaşamasından danışıb. Bildirib ki, Ulu Öndərin gərgin əmək və zəhməti bahasına əsası qoyulmuş, döyüş taktikası dünyanın aparıcı ölkələri tərəfindən bu gün diqqətlə öyrənilən rəşadətli Milli Ordumuz yüksək döyüş qabiliyyəti və ən müasir silahları ilə XXI əsrdə tarix yazdı. Müzəffər Ali Baş Komandan kimi Prezidentimizin cəsur sərkərdəliyi ilə ötən il 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusu tamamilə darmadağın edildi. Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi böyük Zəfərlə nəticələndi.

Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı gündən, ilk növbədə, ali hərbi məktəblərə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər apardı. Məktəblərə daxil olan azərbaycanlıların sayı xeyli artırıldı.

Xidmətin idarə rəisi, mayor Füzuli İsmayılov ölkənin müasir inkişafının, o cümlədən müasir silahlarla təmin edilmiş, yüksək döyüş hazırlıqlı Silahlı Qüvvələrimizin möhkəm təməlinin dahi şəxsiyyət Heydər Əliyevin prezidentliyi dövründə qoyulduğunu vurğulayıb.

Gənclər fondunun nümayəndəsi Orxan Ərəbov Ulu Öndərin gənclər siyasəti haqqında geniş məruzə edib. Fond tərəfindən Ümummilli Liderin irsinin öyrənilməsi və gənclər arasında yayılması üçün önəmli fəaliyyətin görüldüyünü vurğulayıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Ulu Öndərin doğum günü Azərbaycan cəmiyyətində, türk dünyasında bütün tərəqqisevər insanlar üçün bayramdır. Müasir Azərbaycanın uğurlar qazandığı bütün sahələrdə onun imzası vardır.

Tədbir hərbi ekspert, KİV nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin çıxışları ilə davam etdirilib. “525-ci” qəzetin baş redaktor müavini Seyfəddin Hüseynli, istefada olan general-leytenant Yaşar Aydəmirov, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatlar, müasir Silahlı Qüvvələrimizin dünyanın 50 qüdrətli orduları sırasında olması diqqətə çatdırılıb, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyasının alternativsizliyi bir daha vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.