SİYASƏT
Ümummilli Liderin anadan olmasının ildönümü Xorvatiyada qeyd edilib
Zaqreb, 11 may, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Xorvatiyada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, o cümlədən Rusiya və Qazaxıstanın Xorvatiyadakı səfirləri, deputatlar, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov dahi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərindən söz açaraq, Ümummilli Liderin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrinin inkişafında əvəzolunmaz rolundan danışıb.
Diplomat Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və hərtərəfli inkişaf etdiyini, təhlükəsizliyinin etibarlı şəkildə qorunduğunu vurğulayıb, ölkəmizin dünyada nüfuzunun günbəgün artdığını qeyd edib.
Rusiyanın Xorvatiyadakı səfiri Anvar Azimov Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Sovet İttifaqının iqtisadiyyatı üçün mühüm qərarların verilməsində müstəsna rolundan danışıb. O, Heydər Əliyevin dövrümüzün ən görkəmli siyasi xadimlərindən biri olduğunu vurğulayıb. A.Azimov dahi rəhbərin milli özünüdərkin formalaşmasında əvəzsiz rolunu qeyd edib, onun dövlətçilik prinsiplərinə daim sadiq qalaraq müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə yorulmaz fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Daha sonra iştirakçılar Heydər Əliyevin milli dövlətçilik tariximizdəki rolundan bəhs edən kitablarla tanış olublar. Tədbir zamanı qonaqlar üçün Azərbaycan məhsullarından hazırlanmış ziyafət verilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb