MƏDƏNİYYƏT


Ümummilli Liderin doğum günü münasibətilə Ankarada konsert proqramı təşkil edilib

Ankara, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ankarada konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə mayın 9-da reallaşan konsertdən əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışlarında ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Ulu Öndərimizin xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələrdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, qardaş ölkələr arasında əlaqələr hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dinamik inkişafdadır. Heydər Əliyevin müəyyən etdiyi birgə inkişaf strategiyası müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinə tarixi töhfələr verib.

Proqramda Azərbaycanın Əməkdar artisti Turan Manafzadənin dirijorluğu ilə onun təsis etdiyi “Turan” orkestri Azərbaycan və dünya bəstəkarlarının əsərini ifa edib.

Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestr Konsert Salonunda keçirilən tədbirdə rəsmi şəxslər, Azərbaycan və Türkiyədən olan deputatlar, Ankarada fəaliyyət göstərən səfirlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Konsertdən sonra ulu öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.