SİYASƏT


Ümummilli Liderin əziz xatirəsi İstanbulda ehtiramla anılıb VİDEO

İstanbul, 10 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilib.

Mərasimdə baş konsul Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Şülrü Günc, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Qismət Gözəlov, TDT-nin Ağsaqqallar Şurasının Azərbaycan üzrə ağsaqqalı Həsən Həsənov, konsulluğun, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “Azərbaycan Hava Yolları”nın (AZAL) əməkdaşları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) nümayəndələri, eləcə də diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri iştirak ediblər.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və tər güllər düzülüb.

Tədbirdə çıxış edən Baş konsul Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb.

O deyib: “Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra xalqımız ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi və bundan sonra suveren Azərbaycan yarandı. Ümummilli Liderin xalqımız qarşısındakı xidmətləri, onun apardığı siyasət ilə Azərbaycan dünyaya açıldı. Ümummilli Lider ölkəmizin müstəqilliyini hər şeydən üstün tuturdu. Xalqa olan sevgisi isə qarşılıqlı idi. Azərbaycan xalqı hər zaman bilirdi ki, dövlətinin ən çətin anında Ulu Öndər onun köməyinə gələcək. Ümummilli Liderin siyasətini çox uğurla davam etdirən, xalqının, dövlətinin qüdrətlənməsi istiqamətində böyük uğurlara imza atan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarımızı bizə qaytardı. Ümummilli Lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da onun ruhu daima Azərbaycan xalqının yanındadır”.

Çıxışında türk xalqının yalnız ildə iki dəfə - Ulu Öndərin doğum və anım günündə deyil hər zaman Heydər Əliyev parkını ziyarət etdiyini bildirən Sarıyer Bələdiyyəsinin sədri deyib: “Bu park hər birimiz üçün əzizdir. Çünki, burada insanlığı təməl alaraq, həyatını xalqının inkişafına bəxş edən iki dahi insanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və türk xalqın ulu öndəri Mustafa Kamal Atatürkün abidələri var. Bizim xalqlarımız belə dahi insanlara sahib olduqları üçün çox xoşbəxtdirlər. Biz daima sülhdən yanayıq. Dünyada savaşı sülhə çevirən neçə lider var? Əgər hazırda qarşıdurmaların yaşandığı dövlətlərin bir Heydər Əliyevi və ya Mustafa Kamal Atatürkü olsa idi orada sülh bərqərar olardı”.

Sonra tədbir iştirakçıları türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün parkda yerləşən abidəsini ziyarət edərək önünə tər güllər düzüblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.