ELM VƏ TƏHSİL
Ümummilli Liderin şərəfli və mənalı həyat yolu nəsillərə örnəkdir
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra institut direktorunun elmi məsələlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək böyük tarixi şəxsiyyətin Azərbaycan ictimai-siyasi fikrindəki yerindən danışıb. O, Ümummilli Liderin 1969-1986-cı illərdə sovet hakimiyyətinin ən yüksək pilləsində təmsil olunarkən Azərbaycanı postsovet məkanında lider respublikaya çevirməsi barədə məlumat verib.
A.Əliyeva–Kəngərli dahi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının da tarixi zərurət olduğunu bildirib. Qeyd olunub ki, ölkə qarşıdurmalar, hərc-mərclik girdabında idi, xalq yalnız dahi Heydər Əliyevin onu xilas edə biləcəyinə əmin idi. Görkəmli dövlət xadimi Heydər Əliyev ona uzanmış əlləri ümidsiz qoymadı, qısa müddətdə ölkəni böhrandan çıxarıb böyük iqtisadi-siyasi inkişaf yoluna gətirdi. Bugünkü uğurlarımızın müəllifi, baş memarı müdrik siyasətçi Heydər Əliyevdir.
A.Əliyeva-Kəngərli Əlyazmalar İnstitutunda Ulu Öndərin xatirəsi ilə bağlı çap olunmuş yeni kitablardan söz açıb. O, həmin kitabların bir biblioqrafik göstərici kimi Heydər Əliyevin zəngin irsini araşdıranlara ən yaxşı köməkçi olacağına əminliyini bildirib.
Digər çıxış edənlər də Ümummilli Liderin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik təcrübəsindən söz açıblar.