HEYDƏR ƏLİYEV - 100


Ümummilli Liderin uğurlu siyasi kursu bugünkü güclü Azərbaycanın bərqərar olmasına gətirib çıxarıb

Xırdalan, 29 mart, AZƏRTAC

“Heydər Əliyev İli” ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Azər Badamov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası məhz dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində sürətli inkişaf yolu tutub. Bu gün müxtəlif istiqamətlər üzrə əldə olunan bütün yüksək nəticələrin təməli Ulu Öndər tərəfindən qoyulub. Millət vəkili vurğulayıb ki, Ulu Öndər ölkəmizi və xalqımızı bütün dəhşətli ssenarilərdən, dövlət müstəqilliyimizin itirilməsindən xilas edib.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da çıxışında qeyd edib ki, zamandan və şəraitdən düzgün istifadə etməyi bacaran, xalqını irəli aparan, dövlətini ucaldan şəxsiyyətlər hər zaman tarixdə öz layiqli yerini tutur. Onun sözlərinə görə, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Heydər Əliyev kimi dahi şəxsiyyətə sahib olub.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Vətən müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova və Vətən müharibəsi şəhidi İlqar Vəliyevin oğlu, Abşeron RİH yanında İctimai Şuranın üzvü Vəli Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, respublikamızın inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və dövlət müstəqilliyini qorumaq, daha da inkişaf etdirmək və dünya dövlətləri sırasına ucaltmaq üçün müəyyənləşdirdiyi uğurlu siyasi kursdan danışıblar.

Sonda çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kurs bugünkü güclü Azərbaycanın bərqərar olmasına gətirib çıxarıb. Ulu Öndərin ən böyük arzusunun işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması olduğunu vurğulayan A.Fərzəliyev qeyd edib ki, bu arzu da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi sayəsində döyüş meydanında düşmən üzərində şanlı Qələbə qazanmaqla reallaşdı.

Sonda Vətən müharibəsi qazisi Vasif Allahverdiyev və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Süleyman Cəfərov YAP sıralarına qatılması münasibətilə təbrik edilib və onlara partiyanın vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.