ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının əsasını qoyub
Bakı, 14 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru Elçin Babayev dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərini vurğulayıb.
Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışan rektor qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə müdrik rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamız parçalanmaq, dağılmaq təhlükəsindən xilas olub, böyük inkişaf yoluna çıxıb. Ölkəmizdə müasir, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində geniş tədbirlər həyata keçirilib.
Ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən E.Babayev dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzm və inamla həyata keçirildiyini söyləyib.
Azərbaycanın dünyada nüfuzunun daha da yüksəldiyini qeyd edən rektor, ölkəmizdə qazanılan bütün nailiyyətlərin ümummilli lider Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirib.
BDU-nun kafedra müdiri, Milli Məclisin deputatı Kamilə Əliyeva ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsindən, ideyalarının əhəmiyyətindən bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının əsasını qoyub.
Universitetin tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunmasında, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycanın dünyaya tanıdılmasında əvəzsiz rolunu vurğulayıb.
Jurnalistika fakültəsinin tələbəsi Rəşad İmanov Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu deyib.
Sonra tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.