REGİONLAR
Ümummilli lider Heydər Əliyev həmişə əlillərə qayğı ilə yanaşıb
Mingəçevir, 3 dekabr, AZƏRTAC
Mingəçevir şəhərində 3 dekabr-Beynəlxalq Əlillər Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və şəhər əhalinin sosial müdafiəsi mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə Beynəlxalq Əlillər Gününün ulu öndər Heydər Əliyevin müvafiq Sərəncam ilə hər il qeyd edildiyini bildiriblər. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev həmişə bu təbəqəyə qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllini diqqət mərkəzində saxlayıb. 1993-2003-cü illərdə Mingəçevirdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 126 mənzildən ibarət 2 bina tikilərək istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. 2003-cü ildən sonra Mingəçevirdə bu kateqoriyadan olan insanlar üçün daha 88 mənzil inşa olunub, 20 nəfər Qarabağ müharibəsi əlilinə isə minik avtomobili verilib. Həmçinin 65 nəfər müalicəyə göndərilib, 10 nəfər isə əlil arabası ilə təmin olunub. Hazırda şəhərdə 7342 nəfər müxtəlif kateqoriyadan olan əlil yaşayır. Əlillərin hamısına dövlət tərəfindən pensiya və müavinət verilir. Tədbirdə fiziki sağlamlığı məhdud olan insanlara lazımı qayğının göstərildiyi qeyd olunub.
Tədbirdə çıxış edən əlillər onların sosial–məişət şəraitinin və dolanışığının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda yerli musiqiçilərinin iştirakı ilə təşkil olunan konsert proqramı bayram süfrəsi ətrafına toplaşan əlillərin əhval –ruhiyyəsini daha da yüksəldib.