REGİONLAR
Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişinin banisidir
Yevlax, 16 noyabr, AZƏRTAC
Xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri vəzifəsini icar edən Rafiq Əliyev, YAP Yevlax rayon təşkilatının Qadınlar şurasının sədri Əminə Əhmədova, Rayon Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev və başqaları tədbirdə çıxış edərək, Milli Dirçəliş Gününün əhəmiyyətindən danışıb, bu tarixi günü xalqımızın azadlıq mübarizəsində mühüm mərhələ kimi qiymətləndiriblər.
Çıxışlarda bildirilib ki, XX əsrin axırlarında Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter almışdı. Ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başlamışdı. Bütün bunlar Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət almağa başladı. İmperiya özbaşınalığına, Ermənistanın separatçılıq siyasətinə və Azərbaycanın keçmiş rəhbərlərinin satqınlıq mövqeyinə etiraz əlaməti olaraq başlanan istiqlal mücadiləsi 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə nəticələndi, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə müstəqilliyimiz dönməz və əbədi xarakter aldı.