REGİONLAR
Ümummilli lider Heydər Əliyev ölkəmizi parçalanmaq, məhv olmaq təhlükəsindən xilas edib
Naxçıvan, 19 oktyabr, AZƏRTAC
Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanıldı.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Müəllimlər İnstitutunda Müstəqillik Gününə həsr edilmiş tədbirdə danışılıb.
Əvvəlcə Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə çıxış edən institutun rektoru, dosent Elbrus İsayev Müstəqillik Gününün xalqımıza verdiyi töhfələrdən danışıb. O vurğulayıb ki, Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini getdikcə daha da möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınır.
Elbrus İsayev Naxçıvan Müəllimlər İnstitutunda qazanılmış uğurların da müstəqilliyin bəhrələri olduğunu diqqətə çatdırıb. Rektor institut kollektivini təbrik edib.
Sonra Müstəqillik Günü ilə bağlı fakültələr arasında qızlardan ibarət voleybol komandalarının yarışı keçirilib. Rektor qalib komandaya “Müstəqillik” kubokunu təqdim edib.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tələbələr musiqi nömrələri ifa edib, şeirlər səsləndirib, bədii kompozisiya və videoçarxa baxış olub.