SİYASƏT
Ümummilli lider Heydər Əliyev ölkəmizin formal müstəqilliyinin həqiqi müstəqilliyə çevrilməsini təmin edib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətindən danışıb.
Rektor ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində baş verən hadisələrdən bəhs edib.
Qeyd edilib ki, sovetlər birliyinin süqutu və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar başlanan və zaman-zaman genişlənən milli-azadlıq hərəkatı müstəqil dövlətimizin yaranmasında böyük rol oynayıb. Həmin dövrdə Azərbaycanın müstəqilliyi formal, nominal xarakter daşıyırdı. Belə ki, dövlət idarəçiliyi vahid konsepsiya və sistem əsasında qurulmurdu, birtərəfli xarici siyasi kurs yürüdülürdü. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın çox böyük istəyi və təkidli tələbi ilə yenidən respublikamızda hakimiyyətə qayıtdıqdan sonra öz böyük siyasi uzaqgörənliyi, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində ölkəmizin formal, nominal müstəqilliyinin həqiqi müstəqilliyə çevrilməsini təmin etdi, ölkədə müasir dünyamızın reallıqlarını nəzərə alan yeni siyasi kurs formalaşdı. Ulu öndər Heydər Əliyevin elmi əsaslara söykənən müdrik siyasi kursunu dövlət başçısı İlham Əliyev uğurla davam etdirir.
Ötən 25 ildə Azərbaycanda əldə edilən nailiyyətlərdən danışan C.Cəfərov bildirib ki, ölkəmizdə elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edilib. Respublikamızda təhsil sahəsində bir sıra layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətləri var.
Tədbirdə “Əsrə bərabər iyirmi beş il. Tarixi yolun mərhələləri”, “Müstəqillik illərində vətəndaş cəmiyyəti quruculuğu”, “ADPU müstəqillik illərində” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə Azərbaycanın son 25 ildə qazandığı uğurlar, o cümlədən ADPU-nun bu quruculuq və inkişaf prosesində fəal iştirakı qeyd olunub.