REGİONLAR


Ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramın parlaq təcəssümü

Astara, 10 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 10-da ölkəmizin cənub bölgəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən anım mərasimləri böyük rəhbərə olan sonsuz məhəbbət və ehtiramın parlaq təcəssümünə çevrilib.

Həmin gün Astara şəhərinin mərkəzi meydanı bayramsayağı bəzədilmişdi. Buraya axın-axın insanlar gəlir, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edir, əziz xatirəsinə sonsuz ehtiramlarını nümayiş etdirirdilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, yaşlı nəslin və gənclərin nümayəndələri, ictimaiyyətin təmsilçiləri, şəhər sakinləri Ulu Öndərin abidəsi önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Mərasim iştirakçıları Astara şəhərindəki Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Anım mərasimi Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda elmi-praktik konfransla davam edib.

Konfransda qeyd olunub ki, ölkəmizdə, o cümlədən Astara rayonunun idarə, müəssisə və təşkilatlarında, mədəni-maarif müəssisələrində Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi böyük rəhbərə ümumxalq məhəbbətinin təzahürüdür.

Bildirilib ki, bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıb. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynayıb, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaradıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun arzu və ideyalarını uğurla həyata keçirir.

Elmi-praktik konfransda çıxış edənlər ulu öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini diqqətə çatdırıblar.

Şəhər 1 nömrəli tam orta məktəbin şagirdi, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” Respublika müsabiqəsinin qaliblərindən biri - Zeynəb Məmmədovanın Ulu Öndər haqqında çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Astara şəhərindəki Dənizkənarı Park Bulvar Kompleksində ənənəvi olaraq keçirilən ümumrayon “Kitab bayramı”nda iştirak edənlər burada ayrı-ayrı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi ilə tanış olublar.

Ümumrayon tədbiri dənizkənarı park-bulvarda konsert proqramı ilə davam edib.

X X X

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da silsilə tədbirlər keçirilib.

Mayın 10-da Lənkəran şəhərində Ulu Öndərin adını daşıyan Xatirə Parkında əsl xalq coşqusu və izdihamı yaşanıb. Minlərlə rayon sakini buraya gələrək böyük rəhbərə hörmət və məhəbbətlərini ifadə ediblər.

Rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ümummilli Liderin abidəsi önünə gül düzərək, xatirəsini ehtiramla anıblar.

Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Ümumxalq ziyarətindən sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Daha sonra Mərkəzdə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları Ulu Öndərin milli dövlətçiliyin xilası və Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

Ümumrayon tədbiri Heydər Əliyev Mərkəzinin qarşısında gənclərin iştirakı ilə Ümummilli Liderin imzasını əks etdirən flaşmobun nümayişi və Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə bağlı rayon məktəbliləri arasında keçirilmiş inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatıb.

X X X

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Masallıda da böyük təntənə ilə qeyd olunub.

Mayın 10-da minlərlə rayon sakini Heydər Əliyev Parkına gələrək, böyük rəhbərə olan sonsuz sevgi və məhəbbətlərini nümayiş etdiriblər.

Rayonun rəhbər işçiləri, müharibə və əmək veteranları, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Xalq və dövlət üçün yaşanmış ömür” mövzusunda konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzinin foyesində Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Konfransda qeyd olunub ki, Ulu Öndərin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırıb, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə möhkəm əminlik yaradıb.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyevin məruzəsi dinlənilib.

Tədbirdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ölkəmizin ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində Yolağac tam orta məktəbinin XI sinif şagirdi İlkanə Sovziyeva II dərəcəli diploma layiq görülüb.

X X X

Mayın 10-da Lerikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilən anım mərasimində minlərlə rayon sakini iştirak edib.

Rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ağsaqqalların və ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə tər gül-çiçəklər düzüblər.

Anım tədbiri Heydər Əliyev Mərkəzində elmi-praktik konfransla davam edib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərin ömür yolunu əks etdirən “Əbədi lider” sənədli filminə baxıblar.

Tədbirdə bildirilib ki, Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ölkəmizin hər yerində olduğu kimi, Lerikdə də böyük təntənə ilə, bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.

Vurğulanıb ki, Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında əvəzsiz xidməti olub və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazdırıb. Hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirir.

Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur”, Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov “Ağsaqqallar qızıl fondumuzdur”, Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Günəşli kənd tam orta məktəbinin müəllimi Əfsanə Rəhmanova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında məruzə ilə çıxış ediblər.

Sonra Yeni Azərbaycan Partiyasının Əliabad ərazi ilk partiya təşkilatının sədri Əkrəm Abdullayev Ulu Öndər haqqında xatirələrini bölüşərək, “Yaşa sən qəlblərdə dahi tək Heydər” şeirini söyləyib.

Konfrans iştirakçıları Mərkəzləşdirilmiş Kitabxana Sisteminin qarşısındakı meydanda ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı rolundan, ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablardan ibarət sərgi ilə tanış olub, Mədəniyyət Mərkəzində “Əbədi lider” sənədli filminə baxıblar.

X X X

Görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Cəlilabadda da təntənə ilə qeyd edilib.

Mayın 10-da rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək, xatirəsini ehtiramla anıblar.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil müəssisələrində silsilə tədbirlər keçirilib, idman yarışları və sərgilər təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.