SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Londonda geniş qeyd edilmişdir
London, 10 may (AZƏRTAC). Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun, yerli və xarici ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasındakı misilsiz xidmətlərindən bəhs etmişdir. Bildirilmişdir ki, milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev hər bir vətənpərvər azərbaycanlının qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənsevərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Ulu Öndərin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir müstəqil Azərbaycan inkişaf yoluna çıxmış və Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgənin lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilmişdir.
Diplomat, bu il eyni zamanda, bir sıra layihələri uğurla gerçəkləşdirən, mühüm xeyriyyəçilik fəaliyyəti və cəmiyyətə layiqli xidmətləri ilə seçilən Heydər Əliyev Fondunun yaradılmasının 10 ilinin tamam olduğunu diqqətə çatdırmışdır.
Səfir, həmçinin Britaniya-Azərbaycan münasibətlərinə toxunmuş, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulamışdır.
Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən videoçarxa baxmışlar.
Mərasimin salonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən kitablar və fotosərgi nümayiş etdirilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London