SİYASƏT


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Vyetnamda qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın Vyetnamdakı səfirliyi Hanoyda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vyetnam Kommunist Partiyasının, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoyda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının və gənclər təşkilatının nümayəndələri, həmçinin Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov xalqımız və dövlətimizin taleyində silinməz iz buraxan ümummilli lider Heydər Əliyevin möhkəm dayaqlar üzərində müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərindən danışıb.

Səfir ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdən etibarən Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunduğunu, müstəqillik və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində əməli addımlar atıldığını, habelə müharibədə uzunmüddətli atəşkəsə nail olunduğunu qeyd edib. Bildirib ki, ölkədə həyati əhəmiyyət kəsb edən ictimai-siyasi sabitliyə nail olunduqdan sonra demokratik prinsiplər əsasında fəaliyyət göstərən təsisatların yaradılması, dövlət aparatının möhkəmləndirilməsi, yeni, açıq və demokratik vətəndaş cəmiyyətinin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial-iqtisadi islahatların həyata keçirilməsi, habelə hərbi potensialın möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artmasına yönəlmiş tədbirlərin görülməsi istiqamətlərində əməli işlərə başlanılıb.

A.İmanov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan və Vyetnam arasında yaxın əlaqələrin qurulması və inkişafında mühüm rol oynadığını, onun 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında səmimi dostluq münasibətlərinin təməlinin qoyulduğunu bildirib. O, Heydər Əliyevin birbaşa dəstəyi sayəsində minlərlə azərbaycanlı mütəxəssisin, habelə Ulu Öndərin köməyi ilə Azərbaycanda təhsil almaq imkanını əldə etmiş çoxlu sayda vyetnamlı məzunun müharibədən sonra müxtəlif sahələr üzrə Vyetnamın bərpasında fəal iştirak etdiyini məmnunluqla yada salıb.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olub. Səfirliyin Vyetnam dilində nəşr etdirdiyi "Heydər Əliyev" kitabının nüsxələri tədbir iştirakçılarına paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.