SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü İndoneziya KİV-lərində geniş işıqlandırılıb
Cakarta, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar İndoneziyanın Miraj informasiya agentliyi, “wartapenanews.com” və “gpriority.co.id” xəbər portalları tərəfindən məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycan xalqının hər il 10 may tarixində ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etdiyi xatırladılır, Onun Sovet İttifaqı dövründən başlayaraq Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövr də daxil olmaqla, əvəzedilməz siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir. Heydər Əliyevin müdrik siyasi xadim və xalqının Lideri olaraq ən çətin zamanda Azərbaycana rəhbərliyə gəldiyi, xalqın inamını qazandığı və bu gün güclü iqtisadiyyata malik olan bir ölkənin təməlini qoyduğu bildirilib. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda baş verən hökumət böhranı nəticəsində Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəməsi, 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Prezident seçilməsi haqqında da məlumat verilib. Onun 1998-ci ildə yenidən Prezident seçildiyi, hakimiyyətdə olduğu dövrdə Azərbaycanın xarici siyasətinin yenidən qurulduğu, beynəlxalq aləmdə xalqımızın mənafelərinə xidmət edən balanslı siyasət yolu tutduğu vurğulanıb. Habelə Azərbaycanla digər ölkələr arasında ikitərəfli münasibətlərin və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirildiyi bildirilib.
Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olaraq ölkəmizin tarixində və xalqın yaddaşında əbədi olaraq Ümummilli Lider kimi yer tapdığı vurğulanan məqalələrdə Onun layiqli davamçısı, xalqımızın rifahı üçün yorulmadan çalışan və böyük uğurlara imza atan Prezident İlham Əliyev haqqında da məlumat verilib. Onun rəhbərliyi ilə regionda həyata keçirilən nəhəng iqtisadi layihələrdən, ölkəmizin sürətli inkişafından, Avropa məkanına inteqrasiyasından, Azərbaycanın uzun illər erməni işğalı altında olan torpaqlarının azad edilməsində göstərdiyi əzm və iradədən, Azərbaycan xalqına Zəfər sevincini yaşatmasından da geniş bəhs olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta