SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Polşanın Qnejno şəhərində də qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü qeyd etmək məqsədilə bu ölkənin ilk paytaxtı olan qədim Qnejno şəhərində səfərdə olub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə səfir Nərgiz Qurbanova, Qnejno şəhərinin vitse-meri Mixal Povalovski və Qnejno Şəhər Şurasının sədri Mixal Qleyzer ümummilli lider Heydər Əliyev və Roma Papası ikinci İohan Pavelin xatirəsinə 2013-cü ildə Qnejno şəhərində ucaldılmış abidənin önünə gül çələngləri qoyublar.
Sonra səfir “Radio Plus”, “TV Gniejno”, “Radio Poznan”a müsahibə verib. Diplomat müsahibəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin və dövlətçiliyinin bərpasında oynadığı əvəzsiz roldan danışıb, Qnejnodakı abidənin Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə ucaldıldığını, Azərbaycan ilə Polşa arasında dostluq əlaqələrini özündə əks etdirdiyini vurğulayıb.
Səfər çərçivəsində səfir Nərgiz Qurbanova ilə Polşa Katolik Kilsəsinin rəhbəri Voyçex Polanın geniştərkibli görüşü keçirilib.
Görüşdə səfir bu il mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd edildiyini bildirib, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında müstəsna rolu, ölkəmizin hərtərəfli inkişafında əvəzsiz xidmətləri, həmçinin Azərbaycanda katolik icmasına göstərdiyi diqqət barədə danışıb. Səfir Ulu Öndərin 1997-ci ildə Polşaya səfəri, H.Əliyevin dəvəti ilə Papa II İohan Pavelin 2002-ci ildə Azərbaycana tarixi səfəri barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Polşa münasibətlərinin tarixi, Azərbaycanda polyak irsi, ölkəmizdə katolik məzhəbi və Qafqaz Albaniyası timsalında xristianlığın qədim tarixi, Papa II İohan Pavelin və Papa Fransiskin ölkəmizə səfərləri barədə danışılıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə və dünyada bütün dinlərə, o cümlədən katolik irsinə göstərdikləri diqqət və qayğı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Vatikanda müqəddəs Pyotr, Sebastyan və Komodilya katakombalarının, Vatikan arxivində orta əsr əlyazmalarının bərpası və digər layihələrin icra olunduğunu vurğulayaraq, bu xeyriyyəçilik fəaliyyətinə görə birinci xanımın Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçı ilə təltif edildiyini diqqətə çatdırıb.
Səfiri yeni təyinatı münasibətilə təbrik edən primat V.Polak ona fəaliyyətində uğurlar diləyib. O, Azərbaycanda Polşa irsinə və katolik kilsəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.