REGİONLAR


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar interaktiv dərs keçirilib

Naxçıvan, 8 may, AZƏRTAC

Mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, interaktiv dərsdə muzeyin bələdçisi Hicran Bədəlova, əvvəlcə mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Hələ Ümummilli Liderin sağlığında yaradılan muzeydə dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərinə aid eksponatlar, eləcə də Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.

Vurğulanıb ki, dahi rəhbərin Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın Ümummilli Liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzüldən çıxararaq qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan Ümummilli Liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılıb.

Qeyd olunub ki, Ulu Öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib. Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu Öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Ona görə də xalqımız Ümummilli Lideri ilə fəxr edir, qürur duyur, onun ideyalarını həyata keçirməyə çalışır.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.