ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə elmi seminar keçirilib

Bakı, 4 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 və Təhsil 2 fakültələri onlayn elmi seminar təşkil edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Ulu Öndərin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

Rektorun köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı vurğulayıb ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətindən danışıb, neft sənayesinin inkişafında xidmətlərini xüsusi qeyd edib.

ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov bildirib ki, Azərbaycanın XX əsrin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırıb. Bütün ömrünü dövlətinin, xalqının rifahına, intibahına həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas edib, millətinin gələcəyini təmin edib. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, Vətənə sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb.

Elmi seminarda çıxış edən Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti, UFAZ-ın direktoru Vazeh Əsgərov bildirib ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Fazil Rüstəmov “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının formalaşması” mövzusunda geniş məruzə edib.

Təhsil 1 fakültəsinin nəzdindəki İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov çıxışında vurğulayıb ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, “Əsrin müqaviləsi” imzalandı. Bundan başqa, milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, Azərbaycan informasiya blokadasından çıxarıldı.

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Sərxan Abdullayev deyib ki, Azərbaycan xalqının keçdiyi çətin və mürəkkəb inkişaf yoluna işıq saçan, onun bugünkü müstəqilliyinin yaranmasında və inkişafında, müasirləşməsində və yeniləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev fenomenini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onilliklər üçün hesablanmış perspektivləri ölməz siyasətçinin fədakarlığının nəticəsidir.

Tədbirdə çıxış edən Xarici dillər kafedrasının professoru Əsgər Zeynalov diqqətə çatdırıb ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, dosent Günay Şirəliyeva, Təhsil 1 fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Nurlan Tağıyev Ulu Öndərin təhsil siyasətindən, onun ölkəmizin sosial-iqtisadi inkişafında, “Əsrin müqaviləsi”nin bağlanmasında oynadığı roldan danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.