ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Bakı Biznes Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov tədbirin mövzusunun dünyada narahatlıq yaradan münaqişələr və bu münaqişələrin həllindən sonrakı postkonflikt dövründə həmin ərazilərin bərpası, sosial-iqtisadi inkişaf ilə bağlı olan problemlərə həsr olunduğunu diqqətə çatdırıb: “30 ildən artıq dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi davam etsə də, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin polad iradəsi, cəsur əsgərlərimizin rəşadəti, peşəkar zabitlərimizin müasir-hərbi texnologiyalardan istifadə etmək bacarığı və xalqımızın “Dəmir yumruq” kimi birliyi nəticəsində 44 günlük Vətən müharibəsində münaqişə öz ədalətli həllini tapdı. Hazırda yeni bir dövr başlayır. Bu dövr işğaldan azad edilmiş ərazilərin bərpası, sosial-iqtisadi inkişaf problemlərinin müəyyən edilməsi və onların həlli yollarının araşdırmasından ibarətdir”.

Akademik Ziyad Səmədzadə çıxışında işğaldan azad olunan ərazilərin iqtisadi potensialından istifadə edilməsindən söz açaraq mövcud reallıqları və perspektivləri diqqətə çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında ulu öndər Heydər Əliyevin dövlət quruculuğundan və müasir çağdaş Azərbaycanın iqtisadi inkişaf proseslərindən söhbət açaraq Prezident İlham Əliyev tərəfindən regionlar və iqtisadiyyatın şaxələndirilməsinə dair qəbul edilmiş dövlət proqramlarının yerinə yetirilməsi haqqında fikirlərini bildirib. O, həmçinin zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində iştirak etmiş və döyüş zamanı xəsarət almış Yasamal rayon qazilərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.

İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli “Qarabağın gələcək iqtisadiyyatının konturları” mövzusunda çıxış edərək işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf perspektivlərindən, sosial-iqtisadi inkişafın təmin olunması üçün zəruri olan iqtisadi proseslərdən, mövcud problemlərin həlli üçün optimal imkanlardan danışıb.

Professor Akif Musayev postkonflikt dövründə Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində quruculuq işlərindən, müəyyən edilmiş layihələrdən, icra olunmuş işlər və növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin reallaşdırılması istiqamətində fəaliyyətdən bəhs edib. Qarabağın işğaldan azad olunmuş ərazilərində elmi-tədqiqat işlərinin bərpa edilməsi ilə bağlı təkliflərini və tövsiyələrini bildirib.

Plenar iclasda iştirak edən xarici qonaqlar da mövzuya dair məruzələrində postkonflikt tənzimlənmənin effektiv vasitəsi kimi sosial sahibkarlıq, investisiya qoyuluşları və iqtisadiyyatın rəqəmsallaşması kimi aktual məsələlərə toxunublar.

Məruzələrdən sonra konfrans mövzu ətrafında müzakirələrlə işini davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.