CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bakı, 13 may, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda institutun rektoru, professor Nazim Qasımov dahi şəxsiyyət və uzaqgörən siyasətçi Heydər Əliyevin həyatı və fəaliyyəti, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolu haqqında bəhs edib. O, səhiyyə sahəsinə, eləcə də tibbi kadrlara göstərilən diqqət və qayğı, Ulu Öndərin layiqli davamçısı Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, davamlı aparılan sosial islahatlar, 2020-ci ilin payızında Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər, Qarabağda gedən genişmiqyaslı quruculuq işləri haqqında danışıb.
Konfransda institut əməkdaşları apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunan məruzələri təqdim ediblər.
Stomatologiya və üz-çənə cərrahiyyəsi, mamalıq və ginekologiya, terapiya, otolarinqologiya, kliniki laborator diaqnostika, ümumi və plastik cərrahiyyə kafedralarının əməkdaşları Ayşən Qasımova, Pərvanə Əhədova, Nurtən Abdullayeva, Könül Mahmudova, Aytən Musayeva, Məzahir Quliyev, Reyhan Əliyeva və Aytac Babayeva təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələri dinlənilib, mövzular ətrafında diskussiyalar aparılıb.