CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Liderlik Məktəbində tədbir keçirilib
Bakı, 10 dekabr AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Liderlik Məktəbinin yetirmələri, uşaq və gənclər, valideynlər iştirak ediblər.
Müvəkkil tədbirdə çıxış edərək, dünyaşöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki əvəzsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, xalqımızın ən çətin günlərində onun köməyinə çatan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasına və sonrakı illərdə uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olub. Ulu Öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolunun olduğunu vurğulayan Elmira Süleymanova Azərbaycanda dövlət uşaq və gənclər siyasətinin də əsasının məhz Ümummilli Lideri tərəfindən qoyduğunu söyləyib.
Ombudsman qeyd edib ki, Ulu Öndərin müdrik siyasəti nəticəsində ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində qısa müddətdə mühüm nailiyyətlər qazanılıb. Diqqətə çatdırılıb ki, Ümummilli Lider əhalinin bütün qruplarının, o cümlədən uşaq hüquq və azadlıqlarının müdafiəsi və təmininə də hər zaman xüsusi diqqət göstərib.
Ümummilli Liderin siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən ombudsman deyib ki, uşaq və gənclərlə bağlı qəbul olunmuş dövlət proqramları uğurla icra olunur.
Tədbirdə çıxış edən akademik Vaqif Abbasov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin xilaskarlıq missiyasından danışıb. 1993-cü ildə müstəqilliyini yenicə qazanmış və müharibə şəraitində olan Azərbaycan xalqı ən ağır günlərində öz gələcəyini məhz dahi şəxsiyyət Heydər Əliyevə etibar etdi. Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, qətiyyəti, iradəsi sayəsində ölkəmiz ağır fəlakətdən qurtuldu.
Habelə akademik iştirakçılara liderlik fəlsəfəsinin mahiyyəti, liderliyin 21 qanunu, liderə xas olan xüsusiyyətlər, şəxsiyyət kimi yetişmələri üçün lazım olan keyfiyyətlər barədə danışıb, sağlam həyat tərzi keçirməyin, pis vərdişlərdən uzaq olmağın vacibliyini bildirib.
Tədbir müzakirələrlə davam etdirilib.