ORDU
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Silahlı Qüvvələrin bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar bir sıra tədbirlər keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan övladlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu məsələsinə də xüsusi diqqət yetirib.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artdı, hərtərəfli inkişafa nail olundu, müstəqilliyimizin əbədi və dönməz olması təmin edildi. Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.