ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş siniflərarası viktorina keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 15-ci anım gününə həsr olunmuş siniflərarası viktorina keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın zəngin tarixinin öyrənilməsi və maarifləndirici yarışlara marağın artırılması məqsədilə təşkil olunmuş intellektual yarışda məktəbin şagirdlərindən ibarət “Atabəylər”, “Şirvanşahlar” və “Səfəvilər” komandaları iştirak edib.
Viktorinanın sualları muzeyin aparıcı elmi işçisi Bəhman Kərimov tərəfindən orta məktəblərin Azərbaycan tarixi fənni proqramına uyğun olaraq hazırlanıb. Suallar monitorda slayd vasitəsilə təqdim olunub və “Tarix və hadisələr”, “Tarixdə şəxsiyyətlər”, “Şəhərlər və abidələr”, “Ulu öndər və Azərbaycan” mövzularını əhatə edib.
Gərgin və maraqlı keçən yarışda “Şirvanşahlar” komandası qalib gəlib.