REGİONLAR
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Qarabağ bölgəsində dərin ehtiramla yad edilib
Füzuli, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri, böyük siyasi xadim Heydər Əliyevin əziz xatirəsi Qarabağ bölgəsində dərin ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilib.
Dekabrın 12-də Ümummilli Liderin Horadiz şəhərindəki abidəsini minlərlə insan ziyarət edib. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ağsaqqallar, gənclər, hərbi hissənin zabit və əsgərləri əllərində gül-çiçək dəstələri Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
X X X
Dekabrın 12-də səhər saatlarından başlayaraq minlərlə ağcabədili dahi şəxsiyyət Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayonun mərkəzi meydanındakı izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətini təcəssüm etdirir. Meydana toplaşanlar Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyublar.
Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Sonra dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunmuş film və kompozisiya göstərilib.
X X X
Beyləqan rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, hərbi hissənin əsgər və zabitləri Ümummilli Liderin vəfatının 15-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə gələrək, dahi rəhbərin burada ucaldılmış abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderə sonsuz sevgi və ehtiramlarını bildiriblər.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən filmə baxıblar.
Mərkəzin akt zalında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və başqaları Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışıblar.
X X X
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü xocavəndli məcburi köçkünlər tərəfindən də ehtiramla yad edilib, silsilə tədbirlər keçirilib.
Ulu Öndərin anım günü ilə əlaqədar Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblilərinin Beyləqan Rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Şagirdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin irsi barədə məlumat alıb, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olublar. Ümummilli Liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin milli mənafeyə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində göstərdiyi böyük xidmətlər barədə şagirdlərə ətraflı məlumat verilib.
Dekabrın 12-də Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi olub. Xocavəndli məcburi köçkünlər Ulu Öndərin rayon icra hakimiyyətinin binası qarşısındakı büstü önünə əklil və gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Ümummilli Liderin ruhuna dualar oxunub.
Həmin gün Xocavənd Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər Əliyev və Müasir Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoyub. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək, Azərbaycana regionda və dünyada layiqli yer qazandırıb. Yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirib, bu yolda heyrətamiz fədəkarlıqlar göstərib, xalqı bir çox bəlalardan hifz edə bilib.
E.Hüseynov Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişafı istiqamətində reallaşdırılan layihələrdən ətraflı bəhs edib.
Tədbirdə digər çıxış edənlər Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyündən, xalqına bağlılığından, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi islahatlardan söz açıblar.
X X X
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə ölkənin hər yerində olduğu kimi, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində də anım mərasimi keçirilib.
Laçınlı məcburi köçkünlər Ulu Öndərin rayon icra hakimiyyətinin binası qarşısındakı büstünü ziyarət edərək, önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.
Anım mərasimi Laçın Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, dahi rəhbərin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib, respublika həyatının ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində nailiyyətlər qazanılıb.
Tədbirdə “Heydər Əliyev - tarixi şəxsiyyət, əbədiyaşar lider" mövzusunda məruzə dinlənilib.