MƏDƏNİYYƏT
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açaraq Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb. O, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə yeni inkişaf yoluna qədəm qoyan respublikamızın hər yerində iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsi, bütün sahələrdə sürətli inkişafın getməsi mövzusunda çıxış edib.
Dəyirmi masada sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov “Heydər Əliyevin bədii obrazı təsviri sənətdə”, kulturologiya üzrə fəlsəfə doktoru Namiq Abbasov “Heydər Əliyev müasir Azərbaycan mədəniyyət siyasətinin qurucusudur” mövzusunda çıxışlarında qeyd ediblər ki, XX əsrdə xalqımızın mədəni həyatında başlanan yeni bir dövr ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin ictimai-siyası fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.
Sonda tədbir iştirakçıları “Heydər Əliyev - əsrlərə örnək Ümummilli Lider” adlı kitab sərgisi ilə tanış olublar.