CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan uğurlu müstəqil siyasət yürüdür
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti dünyada müstəqil siyasət yürüdərək sülhün və əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verir.
Bu sözləri dekabrın 12-də ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli AZƏRTAC-a müsahibəsində bildirib.
E.Həsənli deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə elə bir dövrdə qayıtdı ki, həmin tarixi an reallaşmasaydı, bugünkü Azərbaycan dövləti olmayacaqdı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanın dinamik inkişaf prosesi başladı. Bu gün Azərbaycan dünyada güclü dövlət kimi tanınır. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Ümummilli Lider Azərbaycanda güclü ordu formalaşdırdı. İndi Azərbaycanın güclü, ən müasir standartlara cavab verən nizami ordusu var.
Bu gün Azərbaycanın müstəqilliyinin əbədi, daimi və dönməz olduğunu vurğulayan E.Həsənli deyib: “Ümummilli Lider dünya azərbaycanlılarını əlaqələndirərək, vahid azərbaycançılıq ideologiyasının əsasını qoydu. Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ulu öndər Heydər Əliyev ideyalarını uğurla davam etdirir. Azərbaycan dövləti qüdrətləndikcə, gücləndikcə biz ümummilli lider Heydər Əliyevin müdrik siyasətini daha dərindən anlayırıq. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.