SİYASƏT
Ümummilli lider Heydər Əliyevin xatirəsi Belçikada da anılıb
Brüssel, 11 may, AZƏRTAC
Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, NATO yanında daimi nümayəndəliyinin və NATO yanında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstəsi qoyaraq onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfir Fuad İsgəndərov Ulu Öndərin Azərbaycan tarixindəki silinməz izi, bu xüsusda Azərbaycan dövlətçiliyinin tam bərqərar olması naminə yorulmaz fəaliyyətindən danışıb.
Diplomat, həmçinin bu ildönümünün öz əlamətdarlığı ilə seçildiyini qeyd edib, Ümummilli Liderin vaxtilə işğal altındakı ərazilərimizin azad olunacağına dair nikbinliyini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycanın tarixi və şanlı Zəfər əldə edərək öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel