SİYASƏT


Ümummilli lider Heydər Əliyevin xatirəsi Berlin şəhərində də anılıb VİDEO

Berlin, 11 may, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə çiçəklər qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Diplomat, Ulu Öndəri dövlətimizin öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoyduğu bir dövrdə ölkə daxilində və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi, bu prosesləri milli mənafelərin tələb etdiyi aydın istiqamətə yönəltməyi bacaran siyasi lider kimi xarakterizə edib.

Səfir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilən həmin inkişaf strategiyası müasir dövrdə dövlətimizin milli mənafelərinin səmərəli şəkildə müdafiəsinə tam şəkildə imkan yaradır. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız məhz sözügedən uzaqgörən siyasət nəticəsində azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Ramin Həsənov ömrünü Vətəninin inkişafına və çiçəklənməsinə həsr etməklə Azərbaycan xalqının ümummilli lideri adını qazanmış dünya miqyaslı siyasi xadim, ulu öndər Heydər Əliyevin xatirəsinin xalqımızın qəlbində əbədi olaraq qalacağını vurğulayıb.

Tədbir çərçivəsində, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konsert baş tutub. Konsertdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Nərmin Nəcəfli (piano), Fəridə Rüstəmova (skripka), Nəriman Əkbərov (violonçel) və Güllü Muradovanın (vokal) ifasında Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Vaqif Mustafazadə, Tofiq Quliyev və digər azərbaycanlı, habelə dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, elmi-siyasi dairələrin nümayəndələri və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.