SİYASƏT
Ümummilli lideri Heydər Əliyevin doğum günü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb
Sofiya, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı “Kross”, “Focus”, “Standart” xəbər agentliklərinin və “Kırcaali Haber” qəzetinin internet səhifələrində dərc olunan məlumatda müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsinin hər zaman Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla yad edildiyi bildirilib, Ümummilli Liderin vəsiyyətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirildiyi qeyd olunub. Ümummilli Liderin tarixi missiyasına və Azərbaycanda siyasi-ictimai fəaliyyəti barədə ətraflı məlumat verilərək Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə böhranın, qeyri-sabitliyin cilovlandığı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildiyi qeyd olunub. Əlavə edilib ki, tarixi şəxsiyyətin parlaq siyasi zəkası sayəsində Azərbaycan iki əsrin qovuşuğunda öz milli-mənəvi və dövlətçilik dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb. Azərbaycan həm bölgədə, həm də dünyada layiqli yer qazanıb. Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlar qazanıb, təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olaraq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.
Yazılarda Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin və tarixi torpaqlarının Ermənistanın işğalından azad olunması da vurğulanır. Qeyd olunub ki, sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarından sonra əks-hücum əməliyyatına başlayan və noyabrın 10-da Ermənistanın təslim olması ilə nəticələnən Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının Zəfər salnaməsini yazıb. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər Ordunun qəhrəmanlığı və şücaəti, xalqın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı və böyük Qələbə sayəsində tarixi ədalət bərpa olundu. Bu zaman Ümummilli Liderin Qarabağa olan sevgisini ifadə edən aşağıdakı məşhur kəlamı yada salınır: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”.
Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarını “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək Ermənistanın işğalından azad etdi və Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi. Daha sonra Prezident İlham Əliyevin xalqa müraciətində ifadə etdiyi sevinc və fərəh dolu duyğularına yer verilib: “...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Məlumatda, həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan Ordusu düşmən tərəfindən işğal altındakı ərazilərdə otuz ilə yaxın müddətdə qurulan istehkamları, hərbi texnikanı, çoxsaylı canlı qüvvəni darmadağın edərək torpaqlarını qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas edib. 44 günlük Zəfər yürüşündə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər torpaqlarda üçrəngli şanlı bayrağımız ucaldılıb. Bir güllə belə atılmadan Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxarılmasına nail olunub. Nəticədə 30 ildir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri Azərbaycan Ordusunun inamlı Qələbəsi ilə icra edilib, doğma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanların arzuları reallığa çevrilib.
Sonda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkəmizin tarixində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Bu Qələbənin yeni geosiyasi və iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyduğu bildirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya