SİYASƏT


Ümumrusiya Azərbaycan Konqresi 2010-cu ildəki fəaliyyətinə yekun vurur

Moskva, 20 dekabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru, fövqəladə və səlahiyyətli səfir Eldar Quliyev AZƏRTAC-ın müxbirinə Rusiyanın çoxsaylı Azərbaycan diasporunun başa çatmaqda olan ildəki fəaliyyətinin yekunlarından danışmışdır.

E.Quliyev bildirmişdir ki, bu il ÜAK-ın yaradılmasından doqquz il ötür. Təşkilatı haqlı olaraq təkcə Rusiyada deyil, həm də bütün dünyada ən böyük və nüfuzlu Azərbaycan ictimai qurumu adlandırırlar. Hazırda Rusiyanın 75 subyektində ÜAK-ın bölmələri fəaliyyət göstərir, on minlərlə həmvətənimizi bir araya gətirərək ictimai işlərə cəlb edir.

E.Quliyev demişdir: “ÜAK-ın səyləri həmvətənlərimizin, xüsusilə, əmək miqrantlarının Rusiya cəmiyyəti həyatının sosial-mədəni şəraitinə uyğunlaşdırılmasına və inteqrasiyasına, onların bu ölkənin tarixi və mədəni ənənələri ilə tanış olmalarına kömək göstərilməsinə yönəlmişdir. Hər dəfə həmvətənlərimizin yaşayıb-yaratdıqları yerlərdə, Rusiyanın müxtəlif güşələrində olarkən Konqresin real gücünə və fəaliyyətinin səmərəliliyinə əmin oluruq. Onlar Rusiya vilayətlərinin ictimai-siyasi həyatı üçün son dərəcə əhəmiyyətli layihələr həyata keçirir, xeyriyyə aksiyalarında və diasporumuzun nüfuzunun, ölkələrimiz və xalqlarımız arasında dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, əlaqələrin inkişafına yönəlmiş digər tədbirlərdə iştirak edirlər. Rusiya regionlarının rəhbərləri həmvətənlərimizin bu fəaliyyətini yüksək qiymətləndirirlər. Onların bu münasibəti “Azerbaydjanskiy Konqres” qəzeti vasitəsilə ictimaiyyətə çatdırılır”.

E.Quliyev vurğulamışdır ki, ÜAK icraiyyə aparatı 2010-cu ildə kadr siyasətinə xüsusi diqqət yetirmişdir. Çünki təşkilatın hər bir vəsiləsinin, bütövlükdə özünün işinin keyfiyyəti regional bölmələrə konkret olaraq kimin başçılıq etməsindən asılıdır.

ÜAK-ın icraçı direktoru xüsusi vurğulamışdır ki, Konqres Rusiyanın ictimai həyatında fəal iştirak edir, RF Prezidenti Administrasiyasının humanitar siyasət və ictimai əlaqələr departamenti ilə qarşılıqlı fəaliyyət göstərir. 2007-ci ilin noyabrında RF İctimai Palatasının üzvü seçilmiş ÜAK-ın prezidenti Məmməd Əliyev palatanın işində yaxından iştirak etmişdir. Konqres imzalanmış sazişlər əsasında RF Federal Şurası Dövlət Dumasının Millətlərin İşləri Komitəsi, Moskva şəhəri Regionlararası Əlaqələr və Milli Siyasət Komitəsi, “Yedinaya Rossiya” Partiyası Siyasi Şurası, M.V.Lomonosov adına MDU-nin tarix fakültəsi ilə sıx əməkdaşlıq edir. ÜAK-ın rəyasət heyəti, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət və Turizm Gənclər və İdman nazirlikləri ilə sıx əlaqələr saxlayır. ÜAK-ın icraiyyə aparatı “Yedinaya Rossiya” Partiyası ilə yaxşı əlaqələr yaratmışdır. Konqres “Yedinaya Rossiya”nın təşkil etdiyi bir çox tədbirlərdə, milli siyasət problemlərinin müzakirəsində iştirak edir. Moskva Millətlər Evində və RF Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasında “Azərbaycan diasporu Rusiya sosiologiyasının aynasında”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə milli dövlətin Avropa modelini tətbiq etməsi üzrə ilk təcrübədir” mövzularında elmi-praktik konfranslar keçirilmişdir.

ÜAK-ın rəyasət heyəti Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ilə sıx işgüzar əlaqələr yaratmış, onunla birlikdə Moskvada, eləcə də Rusiyanın regionlarında bir sıra əhəmiyyətli tədbirlər keçirmişdir. Konfranslarda, “dəyirmi masa”larda, forumlarda müstəqil Azərbaycanın tarixi və müasir reallıqları, problemləri və perspektivləri, Qarabağ münaqişəsinin kökləri və bu münaqişənin həlli yolları barədə həqiqətlər Rusiya ictimaiyyətinə çatdırılmışdır.

E.Quliyev demişdir: “Həm müasir Azərbaycanın tarixi taleyində, həm də təşkilatımızın bioqrafiyasında ulu öndər Heydər Əliyevin rolu əvəzolunmazdır. O, harada yaşamalarından, hansı ölkəyə getmələrindən asılı olmayaraq, bütün həmvətənlərimizə öz köklərini, dilini, adət-ənənələrini unutmamağı, onlara əməl edib qorumağı vəsiyyət etmişdir. Heydər Əliyev rus dilini mükəmməl bilməyin nə dərəcədə əhəmiyyətli olduğunu dəfələrlə vurğulamışdır. Bir vaxtlar Azərbaycan ümumbəşəri dəyərlər, Avropa dəyərləri ilə məhz Rusiya vasitəsilə tanış olmuşdur. Ümummilli lider milli ixtilafı və birliyin olmamasını çatışmazlıqlarımızdan sayırdı. Heydər Əliyev Qarabağ cəbhəsində uğursuzluqlarımızın əsas səbəblərindən birini milli həmrəyliyin daha çox tələb olunduğu o tarixi məqamda belə birliyin olmamasında görürdü. Bugünkü Azərbaycan Prezidenti İlham Əliyev ətrafında, böyük dövlət xadimi Heydər Əliyevin vəsiyyət etdiyi məqsəd və vəzifələr ətrafında ümummilli birlik və həmrəylik nümayiş etdirir. Bu, həm tarix, həm də müdriklik dərsidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xəttinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin problemlərinə həmişə diqqətlə yanaşır. Rusiya azərbaycanlılarının həyatı və qayğıları da Prezidentin daim diqqət mərkəzindədir. ÜAK-ın 2004-cü ildə keçirilmiş II qurultayında İlham Əliyevin Vladimir Putinlə birlikdə iştirak etməsi, habelə qurultayda çıxış etməsi onun Rusiyada yaşayan həmvətənlərimizin taleyinə xüsusi diqqət və qayğı ilə yanaşdığını bariz şəkildə sübut edir”.

Azərbaycan dilini qoruyub saxlamaq və inkişaf etdirmək, həmvətənlərimizin hüquq və mənafelərini müdafiə etmək, yerlərdə hüquq mühafizə komitələrinin fəaliyyətini genişləndirmək və Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı digər məsələlər ÜAK-ın əsas vəzifəsi olaraq qalmaqdadır.

Eldar Quliyev nəzərdə tutulan işlərdən danışarkən bildirmişdir ki, ÜAK-ın fəaliyyətinin miqyası ilə yanaşı, onun məsuliyyəti də xeyli artır, vəzifələri və hər dəfə ortaya çıxan ictimai-siyasi və maliyyə-təşkilati məsələlər qat-qat mürəkkəbləşir. ÜAK-ın icraiyyə aparatı Konqresin növbəti III qurultayının hazırlıq işlərinə başlamışdır. Yerli hakimiyyət, hüquq mqhafizə orqanları, miqrasiya xidməti ilə sıx əlaqələrin yaradılması, yerli və vilayət hakimiyyət orqanlarına seçki kampaniyalarında fəal iştirakın təmin olunması, Rusiyaya yenicə gəlmiş həmvətənlərin sənədlərinin rəsmiləşdirilməsində, işlə təmin olunmalarında onlara yardım göstərilməsi işləri davam etdiriləcəkdir.

Söhbəti yekunlaşdıran Eldar Quliyev demişdir ki, ÜAK-ın əsas ideya və məqsədi - diasporumuzun möhkəmlənməsi, Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərilməsi qurumun Mərkəzi Şurasının fəaliyyətinin bütün istiqamətlərindən qırmızı xətt kimi keçməlidir. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Ümumrusiya Azərbaycan Konqresi dayanmışdır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.