SİYASƏT
Ümumrusiya Azərbaycan Konqresi Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə şikayət ərizəsi təqdim edib
Moskva, 2 noyabr, AZƏRTAC
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə təşkilatın ləğv edilməsi barədə qərarla bağlı şikayət ərizəsi təqdim edib. Bu barədə AZƏRTAC-ın müxbirinə ÜAK-ın prezidenti Fazil Qurbanov məlumat verib.
F.Qurbanov bildirib ki, noyabrın 2-də Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə Rusiya birinci instansiya məhkəməsinin və Apellyasiya məhkəməsinin ÜAK-ın ləğv edilməsi barədə qərarlarından kassasiya şikayəti verib. O, məsələyə bir ay ərzində baxılacağına və düzgün qərar qəbul ediləcəyinə ümid bəslədiyini söyləyib. ÜAK-ın prezidenti deyib: “Ümumrusiya Azərbaycan Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Rusiyada 2 milyondan çox soydaşımız yaşayır, təşkilatın Rusiyanın 70-dən çox regionunda bölmələri fəaliyyət göstərir. Biz həmin bölmələrin rəhbərləri ilə daim əlaqə saxlayırıq. Rusiya tərəfinin məsləyə həssaslıqla yanaşacağına ümidimizi itirmirik”. O vurğulayıb ki, təşkilatın əvvəlki rəhbərliyinin səhlənkarlığı üzündən bir sıra sənədlər qaydasında olmayıb, hazırda həmin problemlər aradan qaldırılıb.
F.Qurbanov, həmçinin qeyd edib ki, Azərbaycan diasporu fəaliyyətini davam etdirir. Bu günlərdə məşhur azərbaycanlı alim, general Kərim Kərimovun 100 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək. K.Kərimovun adını daşıyan liseydə təşkil olunacaq tədbirdə Azərbaycan diasporunun nümayəndələri də iştirak edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva