SİYASƏT
Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri Çitaya gəlmişlər
Bakı, 14 iyul (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri Çitaya gəlmişlər. Tuva və Buryatiya respublikalarının, habelə Altay diyarının, İrkutsk və Novosibirsk vilayətlərinin nümayəndələri Zabaykalye diyarı hökumətinin sədri Aleksandr Xolmoqorovla görüşmüşlər.
Azərbaycan diasporlarının nümayəndələri bildirmişlər ki, Zabaykalye diyarı tolerantlıq baxımından rahat regionlardandır. Burada 126 millətin nümayəndəsi yaşayır. Hər il diasporlar tərəfindən keçirilən spartakiadalar, milli mədəniyyət festivalları Rusiyanın digər subyektlərinə örnək ola biləcək müsbət təcrübədir.
Aleksandr Xolmoqorov Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələrini bu günlər keçirilən Kazak bayramında iştirak etməyə dəvət etmişdir. Qonaqlar, həmçinin oktyabr ayında keçiriləcək “Sibir vətəndaş sülhü və həmrəyliyi ərazisidir” ictimai forumuna qatılacaqlarına söz vermişlər.
A.Xolmoqorov demişdir: “Zabaykalye diyarı ərazisindəki bütün milli diasporlar birmənalı olaraq dəvət ediləcəkdir. Memorandum hazırlanacaqdır. Biz dəqiq konsepsiya və prinsiplər qəbul edəcəyik. Zabaykalye diyarının diasporları və yerli əhalisi arasında münasibətlər onların əsasında qurulacaqdır”.
Nümayəndə heyəti iki gün ərzində Zabaykalye diyarında 10-dan çox görüş keçirəcəkdir.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini İlqar Hacıyev Rusiya jurnalistlərinə müsahibəsində demişdir: “Həmvətənlərimizlə görüşlər keçirəcəyik, onları Rusiya cəmiyyətinin fəal və qanuna zidd getməyən üzvləri olmağa çağıracağıq”.