Ümumrusiya Azərbaycan Konqresinin üçüncü qurultayından sonra qurumun birinci işçi iclası keçirilmişdir
AzerTAg.az
Moskva, 30 noyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) mərkəzi aparatında Konqresin noyabrın 25-də Moskvada keçirilmiş üçüncü qurultayından sonra birinci işçi iclası olmuşdur. İclasda Konqresin gələcək fəaliyyəti, yaxın perspektivdə qarşıda duran vəzifələr müzakirə edilmişdir.
ÜAK-ın baş katibi Mikayıl Hüseynov bildirmişdir ki, bir sıra səbəblərə görə qurumun üçüncü qurultayını çox mühüm tarixi hadisə adlandırmaq olar. O demişdir: “Əvvələn, qurultay Rusiya üçün əlamətdar və bir çox mənada taleyüklü olan ictimai-siyasi hadisələr, yəni bu il dekabrın 4-nə nəzərdə tutulmuş RF Dövlət Dumasına seçkilər və 2012-ci ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində olmuşdur. İkincisi, bu ilin iyulunda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilmişdir. Nəhayət, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlıların ictimai təşkilatlarının yaradılması siyasəti istiqamətində yaradılmış ÜAK-ın təsis edilməsinin bu il 10 ili tamam olmuşdur. Həmin istiqamətin bundan sonra da davamlı və dinamik inkişafını özünün vətəndaşlıq borcu sayan Prezident İlham Əliyev ulu öndərin işini layiqincə davam etdirir”.
Mikayıl Hüseynov xüsusi vurğulamışdır ki, çoxsaylı Azərbaycan diasporu ciddi elektoratdır və indiki halda Azərbaycan diasporunun nümayəndələrini parlament və prezident seçkilərinin keçirilməsinə fəal qoşulmağa çağırmaq lazımdır. O qeyd etmişdir ki, ÜAK “Yedinaya Rossiya” partiyası, Ümumrusiya Xalq Cəbhəsi, habelə ölkəmizin dostluq və tərəfdaşlıq telləri ilə bağlı olduğu Rusiyanın indiki siyasi xəttini davam etdirən digər ictimai təşkilatlarla sıx əməkdaşlıq edir.
Konqresin qarşısında duran vəzifələrdən söz açan baş katib diasporun güclənməsi, Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərilməsinin, regional təşkilatların fəaliyyətinin, gənclərlə işin genişləndirilməsinin vacibliyi məsələləri üzərində ətraflı dayanmışdır.
Onun fikrincə, Azərbaycan konqresi müasir tələblərə cavab verən daha dinamik və hərəkətli təşkilat olmalı, həmçinin Azərbaycan reallıqlarının, o cümlədən ÜAK-ın fəaliyyətinin təbliğinə dair səylərini artırmalıdır. Bununla əlaqədar olaraq, yerli KİV-lərlə daha sıx əməkdaşlıq əlaqələri qurulmalıdır.
Asya Hacızadə
AZƏRTAC–ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var