SİYASƏT
Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva regional bölməsinin nümayəndələri Dünya Azərbaycanlılarının Üçüncü Qurultayının yekunlarını müzakirə etmişlər
Moskva, 28 iyul (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva regional bölməsi (ÜAK MRB) Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş üçüncü qurultayının yekunlarına həsr edilmiş iclas keçirmişdir.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva regional bölməsinin sədri, Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş forumunun işində iştirak etmiş İlqar Hacıyevin sözlərinə görə, qurultay ən yüksək səviyyədə keçmişdir. O qeyd etmişdir ki, bütövlükdə Azərbaycan diasporu üçün çox böyük əhəmiyyət kəsb edən bu qurultayda Prezident İlham Əliyevin çıxışı proqram xarakteri daşımış və Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gələcək istiqamətini müəyyən etmişdir. İ.Hacıyev azərbaycanlıların həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda əlbir olmasının zəruriliyi haqqında Prezident İlham Əliyevin sözlərini sitat gətirmişdir: “Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona görə hesab edirəm ki, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik. Diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır”.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva regional bölməsinin rəhbəri xüsusi vurğulamışdır ki, görkəmli siyasi xadim Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xaricdə Azərbaycan diasporunun formalaşması prosesi başlanmış, onun sıx birləşməsi və möhkəmlənməsi üçün şərait yaradılmışdır. İ.Hacıyev demişdir: “Biz də öz növbəmizdə ümidləri doğrultmalı və yaşadığımız ölkədə fəal olmalıyıq. Konqresin Moskva bölməsi bu məsələyə böyük əhəmiyyət verir. Bizim təşkilat paytaxt regionunun ictimai-siyasi həyatında fəal iştirak edir, şəhər hökuməti və hakimiyyətin digər şaxələri ilə sıx əməkdaşlıq edir, müxtəlif partiyalar və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir, ən mühüm ictimai tədbirlərdə iştirak edir”.
O, ölkəmizin bütün sahələrdə uğurlarına da diqqəti cəlb etmişdir. Bu gün Azərbaycan davamlı iqtisadiyyata və ictimai-siyasi sabitliyə malik olan, tərəqqi edən ölkələrdən biridir və regionda lider mövqeyi tutur.
Tədbirdə çıxış edən diaspor nümayəndələri xaricdə yaşayan həmvətənlərə göstərdiyi qayğı və diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmiş, təşkilatın üzvlərinin yaşadıqları ölkədə Azərbaycan haqqında obyektiv informasiyanın yayılması üzrə fəaliyyətini gücləndirməyin zəruri olduğunu qeyd etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva