ELM VƏ TƏHSİL


“Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikasından mühazirələr” kitabı çapdan çıxıb

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, professor Firədun İbrahimovun “Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikasından mühazirələr” adlı dərs vəsaiti çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda riyazi anlayışlar və onların formalaşması prosesi, “hökm”, “aksiom”, “teorem” anlayışları izah olunur. Sual, məsələ və digər növ tapşırıqların riyaziyyatın tədrisində mühüm vasitə olduğu əsaslandırılır, eləcə də təlimin metodları, nomenklaturası və təsnifatına elmi şərhlər verilir, real pedaqoji prosesə daxil edilməsi yolları işıqlandırılır. Dərslikdə, həmçinin fəal (interaktiv) təlimin təşkilat formasının mərhələləri, xüsusiyyətləri göstərilir, qiymətləndirilmə mexanizmləri, üsul və vasitələrindən ətraflı bəhs olunur.

Nəşrdə 10-11-ci siniflərin nümunəsində riyaziyyatın tədrisində məzmun standartlarının reallaşdırılması texnologiyasının izahı verilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunan nəşrin elmi redaktoru professor Azadxan Adıgözəlov, rəyçiləri professor Şahin Tağıyev, riyaziyyat üzrə elmlər doktoru Rafiq Rəsulov, riyaziyyat üzrə fəlsəfə doktorları Əkrəm Aslanov və Vüqar Abdurrahmanovdur.

Dərs vəsaiti ümumtəhsil məktəblərində işləyən müəllimlər, pedaqoji təmayüllü ali məktəblərdə riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr, magistrant və doktorantlar üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.