REGİONLAR
Ümumtəhsil məktəblərinin şagirdləri arasında dram müsabiqəsinin Naxçıvan şəhər mərhələsi başa çatıb
Naxçıvan, 23 fevral, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən məktəblilərin dram müsabiqəsinin şəhər mərhələsi başa çatıb. Müsabiqə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilib.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dram müsabiqəsinin nəticəsinə əsasən I yerə Naxçıvan şəhər 10 nömrəli, II yerə 2 nömrəli, III yerə 4 nömrəli tam orta məktəblər, həvəsləndirici yerə isə 8 nömrəli tam orta məktəb layiq görülüb. Qalib olan ümumtəhsil məktəbləri Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıblar.
Müsabiqədə I yerə layiq görülən 10 nömrəli tam orta məktəb Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah” səhnəsi ilə aprelin 8-də keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasından ibarətdir.