ELM VƏ TƏHSİL
Ümumtəhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinə hazırlıq işləri davam edir
Bakı, 20 fevral (AZƏRTAC). 2012/2013-cü tədris ili üzrə ümumtəhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinə hazırlıq işləri davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, artıq ümumtəhsil müəssisələri tərəfindən 197 min 26 şagird haqqında məlumat “Şagird-məzun” sisteminə əlavə edilmişdir. Bu isə daxil edilməli olan məlumatların 90 faizini təşkil edir.
Daxil edilmiş məlumatları analiz etmək məqsədi ilə xüsusi proqram sistemi yaradılmışdır. Sistem vasitəsilə məlumatların məntiqi yoxlanılması əsasında təhlillər aparılır, aşkar edilmiş uyğunsuzluqlar barədə məlumatlar təhsil müəssisələrinə təqdim edilir.
Eyni zamanda, təhsil müəssisələri tərəfindən məzunların sistemə daxil edilmiş buraxılış ilindən əvvəlki tədris ilində aldıqları yekun qiymətlər bir daha yoxlanılır və təsdiqlənir.
Bu prosesin tezliklə başa çatdırılması nəzərdə tutulur.