CƏMİYYƏT


Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi istiqamətində görülən işlər məmnunluqla qarşılanır

Bakı, 5 yanvar, AZƏRTAC 

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında ümumvətəndaş pasportlarının verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi istiqamətində görülən işlər müsbət nəticələrini verir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkənin bütün bölgələrində regional şöbələr tərəfindən aparılan xidmət vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şimal Bölgəsində Regional Şöbəsinin qüsursuz xidməti sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını əhatə edən regional şöbədə sənədlərin qəbulu həftə içi bütün günlər aparılır. Əməkdaşlar şöbəyə təhkim olunmuş və müasir standartlara cavab verən xidməti avtomobillə mütəmadi qaydada ətraf rayonlarda və kəndlərdə səyyar xidmətdə olurlar. Vətəndaşlar yaşadıqları rayon və kəndlərdə ümumvətəndaş pasportu almaq üçün rahat şəkildə müraciət edə bilirlər. Səyyar xidmətlər şəffaflıq və aşkarlıq prinsipləri əsasında həyata keçirilir.

Qeyd edək ki, ötən il DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şimal Bölgəsində Regional Şöbəsi tərəfindən ümumilikdə 7761 sənəd qəbul olunub. Onlardan 1557-si regional şöbədə, 6204-ü isə keçirilən səyyar xidmətlər zamanı qəbul edilib. Qəbul edilən sənədlər ümumvətəndaş pasportunun alınması üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinə uyğun müddətdə (1, 5 və ya 10 iş gününə) hazırlanaraq vətəndaşlara təqdim olunub.

Keçirilmiş tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmırlar. Polis əməkdaşları onların yaşadıqları ünvana gedərək, müvafiq sənədləri toplayır və pasport hazır olduqdan sonra həmin vətəndaşlara təqdim edirlər.

Göstərilən xidmətlərdən razı qalan sakinlər minnətdarlıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.