İQTİSADİYYAT
“Unibank” nizamnamə kapitalını 55 milyon manat artırır
Bakı, 3 avqust, AZƏRTAC
“Unibank” nizamnamə kapitalını 80 faiz artıraraq, 125,565,234.08 manata çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Unibank” Kommersiya Bankı” ASC-nin səhmdarlarının avqustun 2-də keçirilən iclasında qərar verilib. Səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı əlavə səhmlərin buraxılması yolu ilə artırılacaq. Səhmlərin yerləşdirilməsi üzrə, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olaraq "Unicapital" İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti seçilib. Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, hazırda “Unibank”ın nizamnamə kapitalı 70 565 232 manatdır. Səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı 1,8 dəfə artacaq. Bu qərardan sonra “Unibank” ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından birinə çevrilməklə yanaşı, böyük layihələrin reallaşdırılmasını daha da sürətləndirəcək.
Hazırda bankın müştərilərinin sayı 800 mindən artıqdır. Real sektorun kreditləşməsində vacib rol oynayan “Unibank” qoyulan depozitlərin həcminə görə də bazarda böyük paya malik banklardan biridir.