İDMAN
Universal döyüş üzrə beynəlxalq turnirdə Azərbaycan komandası birinci yeri tutub
Ağdam, 27 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan universal döyüş üzrə beynəlxalq turnir başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Litvadan olan 420 idmançının mübarizə apardığı turnirdə ölkəmiz dörd heyətlə təmsil olunub.
Yarışlar böyüklər, gənclər və yeniyetmələr arasında 9 çəki dərəcəsi üzrə keçirilib. Böyüklər arasında keçirilən yarışlarda Azərbaycan idmançıları 7 qızıl, 7 gümüş, 16 bürünc, Türkiyə yığması 1qızıl, 1 bürünc, Rusiya komandası 1 qızıl, Litva təmsilçiləri 1 gümüş, 1 bürünc medal eldə ediblər. Yekun nəticəyə əsasən, Azərbaycan idmançıları birinci, Türkiyə yığması ikinci, Rusiya komandası üçüncü yerə layiq görülüb.
Yeniyetmə və gənclər arasında keçirilən yarışlarda da idmançılarımız birinci pillədə qərarlaşıblar.