REGİONLAR
Universitet tələbələri tam orta məktəblərdə pedaqoji təcrübə keçəcəklər
Naxçıvan, 17 fevral, AZƏRTAC
“Naxçıvan” Universitetinin pedaqoji və xarici dillər fakültələrinin əyani şöbələrində təhsil alan tələbələrinin 2017-2018-ci tədris ilinin yaz semestrində keçəcəkləri pedaqoji təcrübənin başlanğıc konfransı olub.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən universitetin rektoru, professor İsmayıl Əliyev pedaqoji təcrübənin tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri tətbiq etmələri, pedaqoji mühitə uyğunlaşmaları, pedaqoji prosesi dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rektor ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkəmlənməsinə, yüksəkixtisaslı kadr hazırlığına xidmət edən pedaqoji təcrübə zamanı məsuliyyət və nizam-intizamın vacib amil olmasından bəhs edib, dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsi, tərbiyəvi tədbirlərin təşkili ilə bağlı tövsiyələrini çatdırıb.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyasının bugünkü uğurlarından, bu siyasətin muxtar respublikada uğurla davam etdirilməsindən danışan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov bildirilib ki, “Naxçıvan” Universiteti də bu qayğıdan bəhrələnən müasirtipli təhsil ocağıdır. Pedaqoji təcrübə ali məktəbin tədris planında zəruri proses olmaqla yanaşı, eyni zamanda, bütövlükdə professor-müəllim heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini göstərən bir vasitədir. Nazir çıxışının sonunda növbəti pedaqoji təcrübənin də gənclərin qocaman pedaqoqların zəngin və nümunəvi iş təcrübələrini öyrənmələri, eləcə də gələcəyin mükəmməl pedaqoqları kimi yetişmələri baxımından faydalı olacağına əminliyini ifadə edib.
Sonra universitetin xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin, pedaqoji fakültənin dekan müavini Nazim Mahmudovun, pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın, metodist Tural Paşayevin və ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifovun çıxışları dinlənilib.
Qeyd olunub ki, ümumilikdə, 112 tələbə Heydər Əliyev adına tam orta məktəbdə, 8 və 15 nömrəli tam orta məktəblərdə 7 həftəlik təcrübə keçəcəklər. Təcrübə zamanı ixtisas metodistləri mütəmadi olaraq məktəblərdə olmalı, tələbələrə lazımi tövsiyələr verməli, dərslərdə iştirak etməli və sınaq dərsin müzakirəsini keçirməlidirlər. Tələbələr təsdiq olunmuş cədvəl üzrə dərsə başlamazdan əvvəl icmal hazırlamalı, ixtisas metodisti və fənn müəllimi tərəfindən yoxlanılıb razılıq verildikdən sonra dərsi tədris etməlidirlər.