REGİONLAR
Universitetdə təmizlik işlərinə baxan 80-ə yaxın qadın mükafatlandırılıb
Gəncə, 8 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində çalışan qadınlar bu gün ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarının fəal müdafiəçiləri və iştirakçılarıdırlar. Onlar tələbələrə tarixi irsimizin, milli-mənəvi dəyərlərimizin aşılanmasında, eləcə də gənclərin bilikli, bacarıqlı kadrlar kimi formalaşmasında böyük səylə çalışırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ali təhsil ocağında “Dəryadır, ümmandır qadın ürəyi” mövzusunda keçirilən bayram tədbirində səsləndirib.
Tədbirdə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə bir qrup qadın fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin universitetdə təmizlik işlərinə baxan və sosial müdafiəyə daha çox ehtiyac duyan 80-ə yaxın qadının aylıq əmək haqqına ali məktəbin daxili imkanları hesabına müvafiq məbləğdə pul köçürülüb. Qeyd edilib ki, Novruz bayramı münasibətilə universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən həmin əməkdaşlara yaxın günlərdə zəruri ərzaqlardan ibarət “Novruz zənbili” paylanacaq.
Sonda Gəncə Dövlət Universiteti tələbələrinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hazırladığı şeirlər, şən musiqilər və səhnəciklər təqdim edilib.