ELM VƏ TƏHSİL


Universitetlərdə “Osmanlı tarixi” ilk dəfə tədris olunur

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan universitetlərində bu ildən “Osmanlı tarixi” ilk dəfə tədris olunur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi kafedrasının müdiri tarix elmlər doktoru Sevinc Əliyevanın və həmin kafedranın müəllimi tarix üzrə fəlsəfə doktoru Mehman Ağayevin müəllifi olduğu dərs vəsaiti tarix və tarix-coğrafiya müəllimliyi ixtisasları üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, kitabın hazırlanmasında əsas məqsəd Osmanlı tarixini olduğu kimi tələbələrə çatdırmaq, bu tarix haqqında mövcud olan müxtəlif yanaşmalara dair məlumat verməkdir.

Bu dərs vəsaitində Osmanlı tarixinin öyrənilməsinin xronoloji çərçivəsi müəyyənləşdirilərək, dövrün öyrənilməsinə aid mənbəşünaslıq və tarixşünaslıq materiallarının əhəmiyyəti şərh edilib. Osmanlı dövlətinin ərazi məkanında baş verən dəyişikliklərin izahı verilib, dünyanın siyasi mənzərəsində baş vermiş dəyişikliklərdə Osmanlının rolu dəyərləndirilib.

Tarix dərsləri sayəsində hər fərd və ya vətəndaş ölkəsinin və bütün dünyanın tarixi haqqında əsas məlumatları əldə edə bilir. Məktəb və universitetlərdəki tarix dərsləri keçmişdə yaşananların qiymətləndirilməsi üçün çox əhəmiyyətlidir. Azərbaycandakı dərsliklərdə Türkiyə tarixi uzun müddət sovet təhsil sistemi tərəfindən Rusiya İmperiyasının xarici siyasəti və Osmanlı İmperiyası münasibətləri kontekstində verilib. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra türk xalqlarının ölkəmizdəki tarixinə və təhsilinə maraq artıb.

SSRİ dövründə “Şərqi Avropa ölkələri tarixi” dərsində Varşava Paktı ölkələrinin də daxil olduğu Qərbi Slavyan xalqlarının tarixinə üstünlük verilib. Öz dövrü üçün ideoloji baxımdan əhəmiyyətli olaraq qiymətləndirilən bu dərslər günümüzün tələbini qarşılaya bilmir.

Bu akademik təqvimdən etibarən Təhsil Nazirliyi tərəfindən “Türk xalqları və dövlətləri tarixi” proqramı təsdiq edilib. 565 səhifəlik kitabın redaktoru AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, rəyçisi Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Nihat Büyükbaşdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.