ELM VƏ TƏHSİL


Universitetlərdə keyfiyyət təminatının cari vəziyyətinin müzakirəsi aparılıb

Bakı, 9 oktyabr, AZƏRTAC 

Oktyabrın 9-dan 11-dək Bakı Biznes Universitetində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi iştirakçılarının növbəti toplantısı keçirilir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş layihədə tərəfdaş olan Azərbaycan universitetlərinin hazırladığı özünüdəyərləndirmə hesabatlarının Avropa ekspertləri tərəfindən təhlili, eləcə də ölkəmizin ali təhsil ocaqlarında keyfiyyət təminatının cari vəziyyətinin müzakirəsi, yekun hesabatların hazırlanması məqsədi daşıyıb.

Eyni zamanda, oktyabrın 9-da Avropanın 5 universitetinin və Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərin nümayəndələrinin iştirakı ilə layihə barədə “Məlumatlandırılma günü” keçirilib. Tədbirdə Bakı Biznes Universiteti tərəfindən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsinin təqdimatı olub. Həmçinin Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən qrant proqramlarında iştirakının lazımi səviyyədə olmaması, bu sahədəki problemlər və onların həlli yolları müzakirə edilib.

Sonra Avropa universitetlərinin nümayəndələrinin iştirakı ilə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Universitetlərdə yeni layihə komandalarının yaradılması barədə təkliflər irəli sürülüb. Layihələrin sayının artırılması və Avropa universitetləri tərəfindən yazılan layihələrdə Azərbaycan universitetlərinin iştirakının təmin edilməsi məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.