MƏDƏNİYYƏT


“Unudulmayan tarix: abidələrimiz” Qız qalası VİDEO

Bakı, 25 yanvar (AZƏRTAC). AZƏRTAC-ın “Unudulmayan tarix: abidələrimiz” adı altında təqdim etdiyi videosüjetində bu dəfə Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidələrindən olan Qız qalasından bəhs olunur.

AZƏRTAC xəbər verir ki, paytaxta qədimlik verən Qız qalası restavrasiyadan sonra daha da zənginləşmişdir. Qalanın divarlarına yerləşdirilən şüşə lövhələrdə də buranın tarixi barədə zəngin məlumat tapmaq mümkündür.

Videosüjetdə bildirilir ki, Qız qalasının tikilmə tarixi çox qədimdir. Abidənin yaşının Şumer dövründən başladığını iddia edənlər də var, XII əsrdə tikildiyini sübut etməyə çalışanlar da. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: “Davudun oğlu Məsudun qülləsi”. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir.

Videosüjetdə diqqətə çatdırılır ki, məlumatlardan birində Qız qalasından rəsədxana kimi istifadə edildiyi bildirilir. Qalanın yeni görkəmində məhz bu ehtimal da diqqətdə saxlanılmışdır. Burada qabaqcıl texnologiyanın köməyi ilə hazırlanan ulduzları da izləmək olar.

Qız qalası barədə əfsanələr də vardır. Qalada elektron kitablar da yerləşdirilmişdir və bu kitablarda iki dildə - Azərbaycan və ingilis dillərində Qız qalası barədə 10-dan artıq əfsanə yerləşdirilmişdir. Bu hekayələrdən bir çoxu gənc qızın oğurlanması və ölməsi ilə əlaqəlidir.

Qalanın mərtəbələrindən birində İçərişəhərin elektron xəritəsi də yerləşdirilmişdir. Burada qədim abidələr - Qız qalası, Cümə məscidi, hamamlar və digər tikililər barədə geniş məlumatlar verilir.

Qız qalasının tarixi, onun hansı məqsədlərlə tikilməsi ətrafında müxtəlif versiyalar irəli sürülür. Bu fikirlər hələlik öz təsdiqini tapmayan fərziyyələr olsa da, abidənin hələ də açılmayan sirlərindən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.