MƏDƏNİYYƏT
“Unudulmayanlar” adlı layihənin növbəti təqdimatı Xalq Artisti Həqiqət Rzayevaya həsr edilib
Bakı, 6 aprel, X.Məmmədova, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” adlı layihənin növbəti təqdimatı aprelin 6-da Xalq Artisti Həqiqət Rzayevaya həsr edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülhüseyn Kazımlı, Xalq artistləri Arif Babayev və Canəli Ələkbərov Həqiqət Rzayevanın Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıblar.
Bildirib ki, Həqiqət Rzayeva Azərbaycan vokal ifaçılığı tarixində özünəməxsus yeri olan sənətkardır. O, Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri olub.
Həqiqət Rzayevanın səhnəyə həvəsi Bakıda həvəskar teatr dərnəyinə getməklə başlayıb. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürüb. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyub, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alıb. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Həqiqət Rzayeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Ərəbzəngi (“Şah İsmayıl”- Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib”- Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır. Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb.
Daha sonra gecə konsert proqramı ilə davam edib.