MƏDƏNİYYƏT
“Unudulmayanlar” layihəsi çərçivəsində növbəti tədbir
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məşhur xanəndə Seyid Mirbabayevin xatirəsi yad olunub.
Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub.
Seyid Mirbabayev (əsl adı Mir Tağı olub) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyüb. Mədrəsə təhsili alıb. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edib. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olub. Sonralar musiqiyə maraq göstərib, xalq məclislərində xanəndə kimi çıxış edib. Çox keçmədən məlahətli və şaqraq səsi ona şöhrət qazandırıb. Ötən əsrin əvvəllərində Bakının musiqi həyatında çox tanınıb. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi çıxış edib. Xanəndəlikdən milyonçuya gedən yolun sonunda isə Seyid Mirbayevin həyatı heç də nikbin notlarla davam etməyib.
Qeyd edək ki, XIX əsrin sevilən xanəndəsi haqqında daha maraqlı faktlar “Unudulmayanlar” layihəsi çərçivəsində tədqiqatlar nəticəsində məlum olub.
Tədbirdə maraqlı konsert proqramı ilə yanaşı, xanəndənin həyatından yeni faktlar da təqdim edilib.