MƏDƏNİYYƏT


Unudulmaz sənətkar Hamlet Xanızadənin xatirəsi yad edilib

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində milli teatr və kinomuzun unudulmaz simalarından olan Əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azərpaşa Nemətov, Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Novruzov, aktyorun qızı Aygün Xanızadə, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından geniş söhbət açılıb, aktyorun sənət dostları və ailə üzvləri onunla bağlı xoş xatirələrini və ürək sözlərini bölüşüblər.

Bildirilib ki, Hamlet Xanızadə istər kino, istərsə də teatrda yaratdığı obrazları ilə özünəməxsusluğu, səmimiliyi, tamaşaçını özünə cəlb etməsi ilə daim fərqlənib. Aktyor haqqında düşünəndə ilkin olaraq tamaşaçının yadına Topal Teymur obrazı düşür. O, hər zaman güclü yaradıcı potensiala malik aktyor kimi xatırlanır.

İstedadlı aktyor Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” Nəriman Həsənzadənin “Atabəylər”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Uilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” əsərləri əsasında hazırlanmış tamaşalarda müxtəlif obrazları böyük sənətkar məharəti və ustalıqla yaradıb.

H.Xanızadənin Azərbaycan kino sənətində də parlaq obrazları az deyildir. Onun “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qətl günü”, “Yaramaz” filmlərində oynadığı təkrarsız rollar tamaşaçının qəlbində özünə əbədi məskən salıb.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Eyni zamanda, aktyorun oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənilib.

Qonaqlar, həmçinin muzeyin fondunda saxlanılan fotoşəkillərdən ibarət sərgi ilə də tanış olublar.

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.