CƏMİYYƏT


Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdiriləcək

Bakı, 18 iyul, AZƏRTAC

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirin əmri əsasında aprelin 30-da yaradılmış müvafiq İşçi Qrupu tərəfindən bu istiqamətdə işlər aparılmaqla aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub.

İlkin mərhələdə sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı “Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək. Tələb olunan məlumatların bir hissəsi (məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar) aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.

Nazirlik üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan “Sosial Reyestr”in hazırlanması isə e-müraciətin daha da sadələşdirilməsinə imkan yaradacaq. Layihəyə başlanıldıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı “Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq. Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar “Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış mühitdə qərar qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.