CƏMİYYƏT
Uppsala Monitorinq Mərkəzinin 40 illik yubileyi qeyd olunub
Bakı, 11 iyun, AZƏRTAC
İsveçin Uppsala şəhərində Uppsala Monitorinq Mərkəzinin (UMS) təşkilatçılığı ilə bu qurumun 40 illik yubiley tədbiri keçirilib.
1978-ci ildə yaradılmış UMS Ümumdünya Səhiyyə Təşkilatının 1968-ci ildə təşkil edilmiş Beynəlxalq Dərman Monitorinqi proqramını həyata keçirir. 2010-cu ildə Analitik Ekspertiza Mərkəzi (AEM) və UMS arasında əlaqələr qurulub və ötən müddətdə həmin sahə üzrə əlaqələr genişləndirilib. Bu il yanvarın 23-də Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi proqramının tamhüquqlu üzvü seçilib.
Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yubiley tədbirində dünyanın müxtəlif ölkələrindən 200-dən çox nümayəndə iştirak edib.
Tədbirin ilk günü UMS-nin 40 illik yubileyinin rəsmi açılışı keçirilib və təşkilatın rəhbərlərinin məruzələri dinlənilib. Tarixi materiallar əsasında təşkilata aid çəkilmiş filmlər nümayiş olunub, UMS-nin məhsulları və xidmətlərinə həsr edilmiş sərgiyə baxılıb, təşkilatın fəaliyyətinə həsr olunan kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə ölkəmizi AEM-in farmakonəzarət sektorunun müdiri Elmin Quliyev təmsil edib.